ARDNŞ bütün Azərbaycan ərazisində genişmiqyaslı ağacəkmə kampaniyası keçirmişdir [02.04.2011]
ARDNŞ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası istiqamətində aparılan genişmiqyaslı tədbirlər çərçivəsində məqsədyönlü fəaliyyətini davam etdirir. Bu sahədə prioritet istiqamətlərdən birini neftlə çirklənmədən təmizlənmiş mədən ərazilərinin yaşıllaşdırılması təşkil edir. Artıq bir neçə ildir ki, yaz və payız mövsümlərində ağacəkmə kampaniyalarının keçirilməsi ARDNŞ-nin idarə və müəssisələrində ənənə halını almışdır. Aprelin 2-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin iştirakı ilə Şirkətin bütün idarə və müəssisələrində, demək olar ki, ölkənin bütün ərazisini əhatə etmiş genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir. “Azneft” İB-nin neft və qazçıxarma idarələrinin, “Azəriqaz” İB-nin Bakı şəhərindəki, həmçinin regionlardakı bütün qaz istismar və magistral qaz kəmərləri sahələrinin, qazpaylayıcı stansiyaların, “Ekol” Mühəndislik Xidmətləri QSC-nin, Sosial İnkişaf İdarəsinin regional müalicə-diaqnostika mərkəzlərinin çoxminli kollektivləri aksiyada fəal iştirak etmişlər. “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin neftlə çirklənmədən təmizlənmiş mədən torpaqlarında, Qaz Emalı Zavodunun Salyan şosesində yerləşən ərazisində, Pirallahı və Çilov adalarında, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun yaxınlığındakı geniş sahədə, Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunun ərazisində, “Neftqaztikinti” Trestinin istehsalat sahələrində, Zığ şosesində, Hövsan yolunun üzərində, “Azərneftyağ” Neft Emalı Zavodunun qarşısındakı Nobel prospekti boyunca ərazilərdə ağaclar əkilmiş, əvvəllər salınmış yaşıllıqlara qulluq edilmiş, abadlıq işləri aparılmışdır. H.Z.Tağıyev adına NQÇİ-nin ərazisində inşası yekunlaşmaqda olan “Ekoloji park”da da abadlıq və səliqə-sahman işləri davam etdirilmişdir. Yaz yaşıllaşdırma kampaniyasına Novruz bayramı ərəfəsində başlamış “Azərikimya” İstehsalat Birliyinin kollektivi Sumqayıt-Quba magistralı boyunca böyük bir ərazini əhatə edən “sənaye zonası”nda 4000-dən artıq ağac və gül kolları əkmişdir. ARDNŞ-nin təsisçisi olduğu müştərək müəssisələr və əməliyyat şirkətləri də yerləşdikləri bölgələrdən asılı olmayaraq aprelin 2-də bu xeyirxah təşəbbüsə qoşulmuş, bir sıra rayonlarda, habelə Bakıda, Heydər Əliyev adına Hava Limanına gedən yolun ətrafında yaşıllaşdırma və abadlıq işləri aparmışlar. Səhər saatlarından etibarən kampaniyada iştirak edən ARDNŞ prezidenti Rövnəq Abdullayev müxtəlif idarə və müəssisələrin çalışdığı sahələrdə olmuş, ekoloji vəziyyətlə maraqlanmış, ağaclar əkmişdir. Daha sonra o, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə təməli qoyulmuş gəmiqayırma zavodunun ərazisinə baş çəkərək, burada görülmüş işlərlə tanış olmuşdur. Müvafiq qurumların rəhbərləri mühüm regional əhəmiyyət daşıyacaq bu zavodun tikinti meydançasında aparılan işlər haqqında Şirkət prezidentinə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, zavodun inşaat işləri qrafikə uyğun şəkildə sürətlə davam etdirilir və tikintinin əvvəlcədən nəzərdə tutulduğu kimi, 2013-cü ildə başa çatdırılacağı gözlənilir. ARDNŞ prezidenti istər Azərbaycanda, istərsə də bütövlükdə Xəzər dənizi hövzəsində mühüm iqtisadi əhəmiyyət kəsb edəcək zavodun vaxtında istismara buraxılması üçün konkret tapşırıqlar vermişdir. R. Abdullayev kütləvi informasiya vasitələri əməkdaşlarının ağacəkmə aksiyası haqda suallarını da cavablandırmışdır. O bildirmişdir ki, Şirkətin 40 minə yaxın əməkçisinin qatıldığı bu möhtəşəm iməcilikdə ümumilikdə 30 mindən artıq ağac və gül kolu əkilmiş, böyük abadlıq işləri aparılmışdır. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - küknar, şam, çinar, kiparis, zeytun, meyvə ağaclarına, eləcə də qızılgül və dekorativ gül kollarına üstünlük verilmişdir. R. Abdullayev ölkənin ekoloji durumunun daha da yaxşılaşdırılması istiqamətində görülən bu genişmiqyaslı ağacəkmə aksiyasını Azərbaycanda ətraf mühitin qorunması işinə neftçilərin verdiyi ən böyük töhfələrdən biri kimi dəyərləndirmişdir.