Heydər Əliyev adına BNEZ-in quru qazı «Azərikimya» İB-ə ötürülür [04.04.2011]
Heydər Əliyev adına Bakı neft emalı zavodu və “Azərikimya” İstehsalat Birliyi ARDNŞ-nin sıx qarşılıqlı əlaqədə işləyən struktur sahələridir. Heydər Əliyev adına BNEZ-in geniş fəaliyyət imkanlarına malik olması Azərbaycanın neft-qaz emalı, neft-kimya kompleksinin uğurla inkişaf etməsinə mühüm təsir göstərir. Bu yaxınlarda iki müəssisə arasında böyük iqtisadi səmərə verəcək yeni bir layihənin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, “Azərikimya” İB-nin Etilen-Polietilen zavodunun xammalla etibarlı təmin edilməsi məqsədi ilə Heydər Əliyev BNEZ-in 55 nömrəli qurğusunda istehsal olunan quru qaz və nafta məhsullarının həmin zavoda nəql edilməsi haqqında qərar qəbul edilmiş və bu istiqamətdə genişmiqyaslı işlərə start verilmişdir. ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanmış və zavodun sifarişi əsasında Şirkətin “Neftqaztikinti” Tresti birinci buraxılış kompleksi üzrə quru qaz kəmərinin tikinti-quraşdırma işlərini həyata keçirmişdir. Zavoddan Etilen-Polietilen zavoduna qədər 60 kilometr uzunluğunda quru qaz xətti çəkilmişdir. Kəmərin 31 km uzunluğunda olan 200 mm-lik hissəsi Güzdəyə, 25 km uzunluğundakı digər hissəsi isə buradan diametri 350 mm olan borularla Sumqayıta qədər çəkilmişdir. Cəmi 2 ay yarım müddətə inşa edilmiş 60 km-lik boru xəttinin möhkəmliyi və kipliyi yoxlanılmış, antikorroziya tədbirləri, torpaqlanma və digər zəruri işlər görülmüşdür. Layihənin iqtisadi əhəmiyyətini nəzərə alaraq Heydər Əliyev adına BNEZ-in daxili imkanları səfərbər olunmuş, 55 nömrəli qurğunun 100-cü bölməsində olan PK-102/2 kompressoru quru qazın nəqli üçün rekonstruksiya edilmişdir. Layihə üzrə Etilen-Polietilen zavoduna ildə 92 min ton quru qaz verilməsi nəzərdə tutulmuşdur. Hazırda quru qaz kəmərinin keçdiyi ərazilərin ətrafı abadlaşdırılır, xətt boyunca münbit torpaq sahələri bərpa edilir və göstərici nişanların quraşdırılması işləri yerinə yetirilir.