“Petkim”in yaradılmasının 46-cı ildönümü qeyd edilmişdir [05.04.2011]
1965-ci ildə təməli qoyulan Petkim Petrokimya Holdinq 46-cı ildönümünü qeyd etmişdir. İzmir və Əliağa işadamlarının iştirak etdiyi mərasimdə “Petkim Petrokimya Holdinq”in baş direktoru Həyati Öztürk ötən müddətdə şirkətin əldə etdiyi müvəffəqiyyətlərdən bəhs etmiş, “Petkim”in təşkilati mədəniyyətinin, möhkəm quruluşunun, eyni zamanda şirkətin işçilərinin və iş ortaqlarının rolunun böyük olduğunu söyləmişdir. Qlobal iqtisadi böhranın təsirlərinin azalmağa başladığı 2010-ci ildə “Petkim”in istehsal güclərindən yüksək səviyyədə istifadə etdiyini, ümumi istehsal, gəlir, mənfəət və ixracat üzrə rekord göstəricilərə nail olduğunu xatırladan Öztürk, 2011-ci ilin “Petkim” üçün çox böyük əhəmiyyət daşıyan sərmayələrin başlanğıc ili olacağını vurğulamışdır. O, cari ildə şirkətin inkişafı üçün 130 milyon dollarlıq sərmayə qoyuluşunun nəzərdə tutulduğunu, Əliağa Kompleksi nəzdində kabel sektorunun əsas xammalı olan çarpaz bağlanan polietilen (XLPE), kauçuk sektorunun əsas xammalı olan butadien ekstraksiya (BDX) və digər istehsalat sahələrinə investisiya qoyulmasına başlanacağını bildirmişdir. Bununla yanaşı, “Petkim”in fabriklərində texnoloji yeniləmə və məhsuldarlığın artırılması üzrə sərmayə qoyuluşları ilə mövcud istehsal xərclərinin azaldılacağına diqqət çəkmişdir. İstehsal gücünün artmasıyla əlaqədar yaranan əlavə enerji ehtiyacının ödənilməsi məqsədi ilə “Petkim”in ərazisində qurulması planlaşdırılan 25 meqavat gücündə külək enerji stansiyasının inşası üçün müvafiq lisenziyanın alındığını qeyd edən H. Öztürk bu işlərə tezliklə başlanacağını söyləmişdir. O bildirmişdir ki, ötən il lisenziyası alınan Egey Neft Emalı Zavodunun təməli də yaxın vaxtlarda qoyulacaqdır. SOCAR-TURCAS birgə müəssisəsinin direktoru və “Petkim”in İdarə Heyətinin sədri Kənan Yavuz “Petkim”in ən mühüm aktivinin təcrübəli əmək kollektivi olduğunu qeyd etmiş və ötən müddətdə burda çalışanların hamısına minnətdarlığını bildirmişdir. Mərasimdə çıxış edən Turcas Qrupunun rəhbəri və “Petkim”in İdarə Heyəti sədrinin müavini Erdal Aksoy “Petkim”in artıq 3 ildir ki, SOCAR-TURCAS birgə müəssisəsi tərəfindən idarə olunduğunu, bu müddət ərzində şirkətin inkişafı üçün böyük işlər görüldüyünü nəzərə çatdıraraq, bütün bunların Türkiyə dövlətinin iqtisadi qüdrətinin artması naminə edildiyini söyləmişdir. Mərasimdə “Petkim”in ənənəvi xüsusi mükafatları qaliblərə təqdim edilmişdir. “İlin Məmuru” nominasiyasında Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumunun sədri Həsən Köktaş, “İlin Jurnalisti” nominasiyasında “Bu gün” qəzetinin iqtisadiyyat müdiri və İqtisadçı Jurnalistlər Assosiasiyasının prezidenti Cəlal Torpaq, “İlin Qeyri-Hökumət Təşkilatı” nominasiyasında isə İzmir Sənayeçi və İşadamları Dərnəyi mükafatlara layiq görülmüşlər.