B.Ə. Hüseynova, F.İ. Səmədova , B.M. Əliyev,
Şirvan yatağı neftinin azotlu birləşmələri
Məqalədə Şirvan yatağı neftindən ayrılmış azotlu birləşmələrin qrup-struktur quruluşu tədqiq edilmişdir. Əsasi xassəli azotlu birləşmələr ekstraksiya üsulu ilə 1.9 % çıxımla neftdən ayrılır, tərkibinin sadələşdirilməsi və asfalten-qatran təmizlənməsi məqsədilə xromatoqrafiya üsulu ilə aktiv adsorbent silikagel üzərində həlledici (heksan, benzol, spirt-benzol) vasitəsilə dar fraksiyalara ayrılıb. Azotlu birləşmələrin 70 % i heksanla, 6 % i benzolla, 21.5 % i spirt-benzolla desorbsiya olunub. Ayrılmış heksan və benzol ekstraktının qrup-quruluş tərkibi PMR spektroskopiya üsulu ilə öyrənilib. Müəyyən edilib ki, heksan ekstraktındakı azotlu birləşmələr alkil əvəzedici radikallar ilə zəngindir (Hparafin = 54.4), bu da həmin qarışıqda alkilanilin, alkilpiridin, alkilxinolin, alkilakridinlərin və s. olmasını göstərir. Benzol ekstraktındakı azotlu birləşmələr daha çox kondensləşmiş azotlu arenlərdən HA = 8, Hα = 12.3 ibarətdir və onların alifatik əvəzedicilərinin şaxələnmiş vəziyyətdə olması müşahidə edilir, bunu izoparafin indeksi İi = 0.41 və ümumi hidrogen atomlarının ¼ nin terminal –CH3 qruplarının payına düşməsi göstərir. Spirt-benzol ekstraktında, N ilə yanaşı molekulunda O və S saxlayan mürəkkəb quruluşlu qatran birləşmələri cəmləşib. Açar sözlər: Şirvan yatağı nefti, azotlu birləşmələr, PMR spektroskopiyası, mürəkkəb quruluşlu qatran birləşmələri, ekstraksiya, desorbsiya üsulu.