Y.Z. Ələkbərov, E.N. Əliyev
Lay sularının minerallaşma dərəcəsinin hidrat inhibitorlarının təkrar emalı prosesinə təsiri
Qaz-kondensat yataqlarının mənimsənilməsi prosesində hasil olan lay sularının minerallıq dərəcəsinin artması hidrat əleyhinə inhibitorların regenerasiya prosesinə mənfi təsir edir. Belə ki, həmin inhibitorların sulu məhlullarının tərkibində mineral duzların olması onların üzərində doymuş buxar təzyiqinin azalmasına və qaynama temperaturunun artmasına səbəb olur. Bu isə sistemin faza tarazlığına təsir edir. Mövcud regenerasiya qurğularının hesablanması və layihələndirilməsi zamanı bu faktorlar nəzərə alınmır. Metanolun yüksək minerallaşmış sulu məhlullarının doymuş buxar təzyiqi və qaynama temperaturunun təyin edilməsi üzrə tədqiqat işləri aparılmışdır. Belə ki, minerallaşması 150, 200, 250 q/l olan lay suyu-metanol məhlulunun doymuş buxar təzyiqi və bu təzyiqə düzəliş əmsalı, həmçinin onun qaynama temperaturu təyin edilmişdir. Məqalədə qlikolların sulu məhlullarının regenerasiyası zamanı duzların istilik və kütlədəyişmə proseslərinə, prosesin təzyiq düşküsünə, qlikolların itkisinə mənfi təsiri və bu təsirin aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Açar sözlər: qaz, lay suyu, metanol, qlikol, mineral duzlar, təzyiq, temperatur, regenerasiya.