S.Ş. Salahov, U.S. Salahova
Orta Kür çökəkliyi strukturlarında termal suların hidrokimyəvi səciyyəsi
Orta Kür çökəkliyi strukturlarında termal suların paylanması müxtəlifdir. Belə ki, termal sular tədqiqat rayonunda, əsasən Bərdə, Tərtər və Ağcabədi strukturlarında yüksək kriterilərlə xarakterizə olunur. Burada mövcud olan quyularda termal suların temperaturu 50 oC-dən yüksəkdir. Kimyəvi tərkibinə görə bu sular əsasən xlorlu-natriumlu olub, metanlı qaz tərkibinə malikdir. Bu qaz komponentinin miqdarı ümumi qaz tərkibinin 70 %-dən çox hissəsini təşkil edir. Termal suların yer səthinə doğru miqrasiyası prosesinə təsir göstərən əsasən termolift və qaz faktorudur. Termal suların perspektivliyi baxımından Tabaşir və Miosen (Maykop və Çokrak) çöküntü kompleksləri maraq doğurur. Bərdə, Tərtər və Ağcabədi sahələrində texniki-iqtisadi əsaslandırma göstəricilərinə görə Maykop çöküntü kompleksindən alınan termal sular müalicəvi əhəmiyyətə malikdir. Gələcəkdə Orta Kür çökəkliyi strukturlarında tədqiqat işlərinin daha da genişləndirilməsi məqsədəuyğundur. Açar sözlər: çökəklik, struktur, sulu kompleks, kimyəvi tərkib, qaz tərkibi, temperatur.