R.M. Zeynalov, E.A. Kazımov, N.M. Əliyev, T.M. Kərimov, X.M. İslamov
Lay sularının qazma məhlulu göstəricilərinə təsiri
Məqalədə geoloji kəsilişlərdə yüksək təzyiq altında olan lay sularının quyuya müdaxiləsi nəticəsində qazma məhlulu göstəricilərinin dəyişmə problemlərinə baxılmışdır. Qeyd olunmuşdur ki, quyu gövdəsində uçulmalar, daralmalar, təzahürlər, udulmalar kimi mürəkkəbləşmələr qazmanın texniki-iqtisadi göstəricilərinə əsaslı şəkildə təsir göstərdiyindən xeyli vəsait tələb edən texniki-texnoloji həllərin istifadəsi və vaxt itkisi hesabına öz həllini tapır. Qazılan quyularda istifadə olunan qazma məhlulunun minerallaşmasını qiymətləndirmək üçün Pirallahı və Çilov yataqlarından gətirilmiş qazma məhlullarının elektrik keçiriciliyi təyin edilmiş, tədqiqat işləri əsasında aşağıdakı nəticələr əldə olunmuşdur. Göstərilmişdir ki, qazma məhluluna lay sularının daxil olma ehtimalının qiymətləndirilməsi üçün onun elektrik keçirmə qabiliyyətinin mütəmadi olaraq nəzarətdə saxlanılması ekspress qiymətləndirilmə üsulu kimi dəyərləndirilə bilər. Qazma məhlulunun tərkibinin qələvi və qələvi torpaq mənşəli metal elektrolitləri ilə işlənməsi hesabına qazma məhlulunun elektrik keçirmə qabiliyyətini artırmaqla geofiziki tədqiqatların aparılmasına münbit şərait yaranmış olur. Lay suları təsirindən qazma məhlulunun kompleks göstəricilərinin saxlanılması məqsədilə duz təcavüzünə davamlı KMC-600, PolyPak və Pac-R mənşəli polimerlərin istifadə olunması tövsiyə olunur. Açar sözlər: lay suları, qazma məhlulu, mürəkkəbləşmələr, elektrik keçirmə, qələvi.