N.N. Həmidov
Azot qazının qaz-kondensat sistemlərinin faza münasibətlərinə və retroqrad kondensatın dispersləşməsinə təsirinin tədqiqi
Məqalədə azot qazının qaz-kondensat sistemlərinin faza çevrilməsinə təsiri və retroqrad çökmüş kondensatın hasil edilməsi üçün “işçi agent” kimi istifadəsinin səmərəliyi araşdırılmışdır. PVT bombasında xüsusi metodologiya əsasında həyata keçirilmiş eksperimental tədqiqatlar bu sahədə indiyədək mövcud olan bəzi ziddiyyətli məqamlara aydınlıq gətirməyə imkan vermişdir. Belə ki, azot qazının lay sisteminin retroqrad kondensasiya təzyiqi və ya onun dispers halının dayanıqlığına temperatur intervalından asılı olaraq müxtəlif şəkildə təsir etməsinin fiziki-termodinamiki mahiyyəti şərh edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində azot qazının müxtəlif termobarik şəraitlərdə retroqrad kondensatı qaz fazasında dispersləşdirmə və maye-qaz fazalararası mübadilə proseslərinə təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, azot qazı qazkondensat quyusunun quyudibi zonasının işlənilməsi üçün istifadə edilərsə onun səmərəliyi, quyudibi zonanın retroqrad kondensatla doyma dərəcəsi, işçi agentin tərkibində azotun miqdarı, lay temperaturu və quyudibinə təsir sikillərinin sayından asılı olaraq təyin edilməlidir. Açar sözlər: retroqrad kondensat, qaz-kondensat sistemi, kondensatın buxarlanması, böhran parametrləri, kondensasiya təzyiqi, azot, eksperiment.