Y.T. Baspayev
Quyudibi zonaya zərbə dalğası üsulu ilə təsir üçün yeni quyuağzı qurğu
Quyudibi zonaya zərbə dalğası texnologiyasının tətbiqi üçün müxtəlif qurğulardan istifadə olunur. Bu qurğular kifayət qədər səmərəli və etibarlı deyil. Filtrasiya müqavimətinin azaldılması və quyu ilə layın hidrodinamik əlaqəsinin bərpası məqsədilə quyudibi zonaya zərbə dalğası üsulu ilə təsir üçün yeni konstruksiyalı quyuağzı qurğu hazırlanmışdır. Qurğu quyuların mənimsənilməsi və təmiri zamanı quyu vasitəsilə məhsuldar laya təsir etməklə neftveriminin artırılması məqsədilə istifadə oluna bilər. Etibarlı konstruksiyanın yaradılması və aşağı təzyiqli sıxılmış havanın vurulması ilə quyuağzı qurğunun açılıb bağlanma tezliyi artırılır ki, bu da quyuda zərbə dalğasının yaranmasına gətirib çıxarır. Yeni qurğunun tətbiqi hidrodinamik əlaqələri yaxşılaşdırmaqla lay-quyu sistemində filtrasiyanı asanlaşdırır və məhsuldar layın aşağıkeçiricilikli və təcrid olunmuş zonaların işlənməyə cəlb olunmasını təmin edir ki, bu da neftveriminin artırılması və neftin maya dəyərinin aşağı düşməsinə səbəb olur. Açar sözlər: neftveriminin artırılması, zərbə dalğası üsulu, quyudibi zona, quyuağzı qurğu, layın keçiriciliyi.