G.A. Zeynalova
Temperatur və sulaşma amilləri nəzərə alınmaqla neft emulsiyalarının reoloji xüsusiyyətlərinin diaqnostikası
Məlumdur ki, neft kəmərlərinin istismar səmərəliyinə mənfi təsir göstərən mühüm amillərdən biri sulaşma ilə bağlı dayanıqlı emulsiyaların yaranmasıdır. Bu emulsiyalar çətin parçalanan olmaqla yanaşı, müxtəlif reoloji xüsusiyyətə malik olur və özlərini qeyri-Nyuton mayeləri kimi aparır. Temperatur və sulaşma amillərindən asılı olaraq bu cür sistemlərin özlülüyü geniş intervalda dəyişə bilir. Mədən praktikasında neft emulsiyalarının özlülük və digər fiziki-kimyəvi xassələrinin təyini standartlara uyğun olaraq laboratoriya sınaqlarına əsaslanır. Məqalədə müxtəlif temperaturda ayrı-ayrı neft nümunələrinin rotoviskozimetrik tədqiqatlarının nəticələrinə əsasən neft emulsiyalarının sulaşma dərəcəsindən asılı olaraq onların özlülüyünü təyin etmək məqsədilə emprik riyazi ifadə təklif olunmuşdur. Müəyyən edilmişdir ki, laboratoriya tədqiqatları aparmadan sulaşma dərəcəsi və temperatur məlumdursa emulsiyaların özlülüyünü təklif olunan düsturla mühəndis hesablamaları üçün məqbul olan dəqiqliklə qiymətləndirmək olar. Açar sözlər: emulsiya, sulaşma amili, yığım-nəql sistemi, özlülük, axma əyriləri, sürüşmə gərginliyi, sürət qradiyenti.