Q.S. Süleymanov, A.İ. Mirheydərova, G.N. Səfərova
Azərbaycanın enerji təhlükəsizliyinin təminatında alternativ və bərpa olunan enerji mənbələrinin rolu
Məqalədə Azərbaycanın enerji təhlükəsizliyinin təminatında alternativ və bərpa olunan enerji mənbələrinin (ABOEM) rolu araşdırılmışdır. Ənənəvi sayılan neft, qaz, kömür, şist kimi təbii resursların ehtiyatlarının həcminin ilbəil azalması və onlardan istifadə zamanı ekoloji tarazlığın pozulması, həmçinin yanacaq növlərinin dünya bazarında qiymətlərinin qeyri-stabil və dəyişkən olması səbəbindən ölkələrin geosiyasi maraqlarına xidmət üçün əsas təzyiq vasitəsi kimi istifadə edilməsi faktını nəzərə alaraq, regionda yeni ABOEM-lərin axtarışının zəruriliyi göstərilmişdir. Azərbaycanda ABOEM-lərdən geniş istifadə olunmasının neft və qaz xammalının neft-kimya sənayesinə yönəldilməsinə, enerji istehsalı prosesində yaranan texnogen təsirlərin ətraf mühitə vurduğu ziyanın səviyyəsinin, ələcə də iqtisadiyyatın ənənəvi yanacaqlardan asılılığının xeyli azalmasına səbəb olacağı diqqətə çatdırılmışdır. Həmçinin ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsində alternativ enerji mənbələrinin istehsal həcminin artırılması yolları öyrənilmiş, ABOEM-lərdən istifadə prosesinin sürətləndirilməsi yolu ilə Milli enerji təhlükəsizliyinin davamlı təminatının əsası sayılan postneft konsepsiyasının işlənməsinin vacibliyi vurğulanmışdır. Açar sözlər: enerji təhlükəsizliyi təminatı, ənənəvi və qeyri-ənənəvi ehtiyatlar, alternativ və bərpa olunan enerji mənbələri, milli enerji təhlükəsizliyi, postneft konsepsiyası.